“Transxəzər Fiber Optik Kabel Xətti” layihəsinin ikinci istiqaməti Azərbaycan-Türkmənistan marşrutudur. Layihənin icrası məqsədilə 28 noyabr 2019-cu il tarixində Türkmənistanın paytaxtı Aşqabad şəhərində baş tutmuş “Türkmentel 2019” 12-ci Beynəlxalq Telekom və İT Sənayesi sərgisi çərçivəsində Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin dibi ilə magistral kabel xəttinin çəkilməsi ilə bağlı dövlətlərarası saziş imzalanıb. “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikasının və Türkmənistanın rabitə operatorları tərəfindən Azərbaycan-Türkmənistan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili” haqqında dövlətlərarası sazişə əsasən, magistral fiber-optik kabel xətti Azərbaycan tərəfdən magistral internet provayderi “AzerTelecom” şirkəti, Türkmənistan tərəfdən isə bu ölkənin telekommunikasiya operatoru “Türkmentelekom” tərəfdən reallaşdırılacaq. Kabel xətti Sumqayıt və Türkmənbaşı coğrafi məkanları arasında çəkiləcək.
2020-ci ilin 11 mart tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması mərasimində rabitə operatorları "AzerTelecom" Məhdud Məsuliyyətli Cəmiyyəti və "Türkməntelekom" Elektrorabitə Şirkəti tərəfindən Azərbaycan-Türkmənistan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsi haqqında Anlaşma Memorandum”u imzalanıb.
Ümumi uzunluğu 300 km olacaq magistral kabel xətti 2-4 terabit/s həcmində məlumatların ötürülməsinə imkan verəcək.
Kabel xətti Avropa internet mərkəzlərindən internet trafikinin Azərbaycan vasitəsilə Türkmənistana, daha sonra isə Özbəkistan, Əfqanıstan, Pakistan və Hindistana ötürülməsinə imkan verəcək.