Azərbaycan – Qazaxıstan marşrutu

Layihənin birinci istiqaməti Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə magistral fiber-optik kabel xəttinin çəkilməsidir. Bu məqsədlə 2018-ci ilin sonunda Azərbaycan tərəfdən “AzerTelecom”, Qazaxıstan tərəfdən isə “Transtelekom” və “KazTransCom” telekommunikasiya operatorları Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin yaradılması üçün “Transxəzər Fiber Optik Kabel Xətti”nin (TransCaspian Fiber Optic – TCFO) tikintisi üzrə əməkdaşlıq haqda memorandum imzalayıblar. Ümumi uzunluğu 380-400 km olacaq “Transxəzər Fiber Optik Kabel Xətti”nin çəkilməsi ilə bağlı 3 şirkət arasında Konsorsium təsis edilib, birgə İşçi qrup yaradılıb və müvafiq sənədlər imzalanıb. Magistral kabel xəttinin məlumat ötürmə gücü isə 4-6 terabit/s-dən az olmayacaq. Kabel xətti Siyəzən və Aktau coğrafi məkanları arasında çəkiləcək.

2019-cu ilin 19 mart tarixində Azərbaycan və Qazaxıstan arasında "Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının rabitə operatorları tərəfindən Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili haqqında" dövlətlərarası Saziş imzalanıb.

Saziş 11 aprel tarixində müvafiq olaraq Azərbaycan dövləti tərəfindən təsdiqlənib. 17 may 2019-cu il tarixdə isə dövlətlərarası saziş Qazaxıstan hökuməti tərəfindən də təsdiq edilib. Həmçinin, 2019-cu ilin əvvəlində 3 şirkət arasında magistral kabel xəttinin tikintisi üzrə müştərək müqavilə də imzalanıb.

2019-cu ilin 19 noyabr tarixində isə Qazaxıstanın Aktau şəhərində Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə Transxəzər Fiber Optik kabel xəttinin çəkilişi üzrə Qazaxıstan ərazisində işlərə başlanmasına dair təntənəli mərasim baş tutub. Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov, Qazaxıstan Respublikasının Baş Naziri Askar Mamin, digər dövlət rəsmiləri, eləcə də sazişin tərəfləri olan operator-şirkətlərin rəhbərləri Qazaxıstan ərazisində işlərə başlanılmasına dair mərasimdə iştirak ediblər.

Mühüm strateji əhəmiyyət daşıyan bu layihənin reallaşmasına nüfuzlu beynəlxalq konsaltinq və telekommunikasiya şirkətləri olan “McKinsey and Company”, “Detecon”, “Axiom”, “DLA Piper”, “Huawei”, “PwC” kimi şirkətlər cəlb olunub.