Biz daha yaxşı və sürətli gələcək qururuq

Rəqəmsal İpək Yolu

“Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsi NEQSOL Holdinqin təşəbbüsü və Azərbaycanı qlobal internet şəbəkəsinə birləşdirən aparıcı topdansatış telekommunikasiya operatoru AzerTelecom tərəfindən həyata keçirilir.

Layihə Avropa və Asiya arasında rəqəmsal dəhlizin formalaşdırılması üçün böyük infrastruktur layihələrinin həyata keçirilməsini, yerüstü və sualtı fiber-optik magistral kabel xətlərinin çəkilməsini nəzərdə tutur.

Proqram bir sıra kompotentlərdən ibarətdir:

  • Ölkə daxilində və xaricində dayanıqlı magistral infrastrukturun qurulması
  • Azərbaycan və Gürcüstanda regional Data Mərkəzinin tikintisi
  • Bütün marşrut boyunca yerləşən ölkələrin internet və kontentə olan tələbatını ödəyəcək rəqəmsal telekommunikasiya dəhlizinin formalaşdırılması.

Müxtəlif ölkələrin, o cümlədən Gürcüstan, Türkiyə, Azərbaycan, Qazaxıstan və Türkmənistanın ərazilərindən keçən bu meqa rəqəmsal telekommunikasiya dəhlizi məlumatların ötürülməsində yüksək zolaq genişliyi və minimal gecikməni təmin edən ən effektiv və ən qısa marşrut olacaq və regional əməkdaşlığa və inkişafa təkan verəcək. Bu layihə qeyd olunan regionların internet trafikinə artan tələbatını ödəməyə və regionda rabitə xidmətlərinin səviyyəsini artırmağa kömək edəcək. Proqram həm də həmin ölkələrə beynəlxalq reytinqlərdə qabaqcıl mövqe tutmağa imkan verəcək. O həmçinin, Avrasiyada iqtisadi sabitliyi və rifahı genişləndirəcək.

"Rəqəmsal İpək Yolu" layihəsi beynəlxalq təşkilatların sənədlərində mütəmadi olaraq dəstəklənir.

2021-ci ildə keçirilmiş Türk Dövlətləri Təşkilatının 8-ci Zirvə toplantısında qəbul edilən İstanbul Bəyannaməsində Xəzər dənizinin dibi ilə çəkilməsi planlaşdırılan TransXəzər Fiber Optik Kabel Xəttinə dəstək vurğulanmışdır. 2022-ci ildə imzalanmış Səmərqənd Bəyannaməsi isə üzv dövlətlərin layihəyə dəstəyini bir daha ifadə etmişdir.

Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) sədrliyi çərçivəsində 2023-cü ilin oktyabrın 10-da Şuşa şəhərində Xarici İşlər Nazirləri Şurasının 27-ci iclasında qəbul olunmuş “Şuşa Bəyannaməsi”ndə də “Rəqəmsal İpək Yolu” layihəsinə dəstək bildirilmişdir.

2023-cü ilin 7 aprel tarixində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilmiş Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 19-cu iclasının protokolunda “Rəqəmsalı İpək Yolu” layihəsi çərçivəsində görülən işlər qeyd olunmuşdur.

2024-cü ilin 5 mart tarixində Qazaxıstanın paytaxtı Astanada keçirilmiş Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 20-ci iclasının protokolunda “Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində görülən işlər qeyd olunmuşdur.

2024-cü ilin iyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün yekunu olaraq imzalanmış “Qarabağ Bəyannaməsi”ndə “Rəqəmsal İpək Yolu” layihəsinə üzv dövlətlərin dəstəyi vurğulanmışdır.

Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının 2024-cü ilin 6 noyabr tarixində Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilmiş 11-ci Zirvə görüşündə qəbul olunmuş “Bişkek Bəyananməsi”ndə "Rəqəmsal İpək Yolu" layihəsinin İKT sahəsində əməkdaşlıq və infrastruktur inkişafı üçün vacib töhfələr verəcəyini qeyd edilmişdir.