28.02.2023“Rəqəmsal İpək Yolu” layihəsi birinci Özbəkistan-Azərbaycan regionlararası forumunda təqdim olunub

Avropa və Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin formalaşmasını nəzərdə tutan “Rəqəmsal İpək Yolu” layihəsi Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş birinci Özbəkistan-Azərbaycan regionlararası forumunda təqdim olunub.

Forumda iştirak edən “AzerTelecom” şirkətinin Direktorlar şurasının sədri Fuad Allahverdiyev “Rəqəmsal İpək Yolu: Avropa və Asiya arasında yeni rəqəmsal dəhliz” mövzusunda çıxış edib.

“Qərb və Şərqin kəsişməsində yerləşən Azərbaycanın əlverişli coğrafi mövqeyi “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) kimi strateji layihələrin həyata keçirilməsi üçün böyük imkanlar açır. Avropa və Asiya arasında rəqəmsal dəhliz regionumuzun gələcəyinə əhəmiyyətli dərəcədə təsir göstərə biləcək qlobal rəqəmsal infrastruktur layihəsidir. Layihə Xəzər dənizinin dibi ilə Avropa və Mərkəzi Asiya ölkələrini birləşdirəcək, internetin əlçatanlığını yaxşılaşdıracaq və məlumatların ötürülmə sürətini artıracaq yüksək sürətli kabel xətlərin şəbəkəsidir. Avropa və Asiya arasında rəqəmsal ipək yolunun formalaşması informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın dərinləşməsinə, eləcə də Azərbaycan ilə Mərkəzi Asiya ölkələri, o cümlədən Özbəkistan arasında biznesin genişləndirilməsinə xidmət edəcək”, - deyə Fuad Allahverdiyev bildirib.

Birinci Özbəkistan-Azərbaycan Regionlararası Forumu İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO-nun təşkilatçılığı, Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyi və Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi ilə keçirilib. Forumda hər iki ölkənin rəsmiləri, iqtisadiyyatın müxtəlif sahələrində çalışan sahibkarlar iştirak ediblər.

AzerTelecom Azərbaycanın aparıcı topdansatış telekommunikasiya operatorudur. Şirkət müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.