14.12.2021“Rəqəmsal İpək Yolu” layihəsi” “İnnovasiya Dövrü 2021” forumunda təqdim edilib

“AzerTelecom” şirkəti tərəfindən icra edilən və Avropanı Orta və Cənubi Asiyaya bağlayacaq rəqəmsal telekommunikasiya dəhlizinin formalaşmasını nəzərdə tutan “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsi 5-8 dekabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərində “Dubai Expo 2020” çərçivəsində keçirilmiş “VI İnnovasiya Dövrü 2021” forumunda təqdim edilib. 

İnnovasiya sahəsində beynəlxalq əməkdaşlığa həsr olunmuş və 50-dən çox məruzəçinin qatıldığı forumda mütəxəssislər innovasiyaların müxtəlif sahələrdə tətbiqi, bu sahədə müasir trendlər barədə faydalı müzakirələr apararaq müxtəlif praktiki misalları, ən yaxşı layihələri təqdim ediblər. 

“AzerTelecom” şirkətinin Direktorlar Şurasının sədri Fuad Allahverdiyev forumda çıxış edərək “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsi barəsində ətraflı məlumat verib. O Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə ən qısa rəqəmsal telekommunikasiya dəhlizini formalaşdıracaq layihənin regional bağlantı xidmətlərinin inkişafına, rəqəmsallaşmaya, Qafqaz, Mərkəzi və Cənubi Asiya regionlarında telekommunikasiya sahəsində əməkdaşlığa töhfə verəcəyini qeyd edib. 

“Ölkəmizin əlverişli coğrafi yerləşməsi - Qərblə Şərqin kəsişməsində unikal mövqeyi “Rəqəmsal İpək Yolu” kimi strateji layihənin icrasında böyük imkanlar yaradır. Forum intensiv rəqəmsallaşma dövründə layihəmizə mühüm marağın olduğunu bir daha göstərdi. Tədbir layihənin təqdimatı və keçirilmiş müzakirələr baxımından səmərəli oldu və biz Yaxın Şərq ölkələrindən olan bir sıra şirkətlərlə faydalı fikir mübadiləsi apardıq, qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdik”- deyə Fuad Allahverdiyev qeyd edib. 

“AzerTelecom” Azərbaycanın aparıcı topdansatış telekommunikasiya operatorudur. Şirkət müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir. “AzerTelecom” Azərbaycanı beynəlxalq internet şəbəkəsi ilə birləşdirir və telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. 

Şirkət Avropanı Orta və Cənubi Asiyaya bağlayan irimiqyaslı rəqəmsal infrastruktur layihəsi olan “Rəqəmsal İpək Yolu” layihəsini icra edir. “NEQSOL Holding”in təşəbbüsü ilə həyata keçirilən “Rəqəmsal İpək Yolu” layihəsi 2020-ci ildə ABŞ-da keçirilən “Qlobal Strateji İnfrastruktur Liderlik Forumu”nda (Global Strategic Infrastructure Leadership Forum) Asiyada beş ən yaxşı strateji infrastruktur layihələrindən biri kimi seçilib.